05.07.2021

Şahmat turnirinin mükafatlandırılma mərasimi 

Balakən rayon Humanitar və texniki təmayüllü liseydə Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktor müavini Vaqif Ocaqverdiyevin təşkilatlığı ilə keçirilmiş liseyin şəhid məzunlarının xatirəsinə həsr olunan şahmat turnirinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə liseyin direktoru Şaban Abdullayev, lisey müəllimi, “Vətən uğrunda” medalı ilə təltif olunmuş şəhid Kamal Məmmədovun anası Zümrüd Məmmədova, Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru Vasif Qomurov, direktor müavini Vaqif Ocaqverdiyev, Balakən RTŞ-nin aparıcı məsləhətçisi Sevinc İbadova, Balakən rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ağa Ağayev, Balakən rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Nurlan Şibliyev və müsabiqə qalibləri, valideynlər iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Şaban Abdullayev yarışın keçirilmə məqsədi və əhəmiyyəti barədə məlumat verib. Daha sonra çıxış edən şəhid anası Zümrüd Məmmədova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ağa Ağayev, Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktor müavini Vaqif Ocaqverdiyev, RTŞ-nin aparıcı məsləhətçisi Sevinc İbadova, Uşaq-Gənclər İdman Şahmat məktəbinin rəhbəri Vasif Qomurov, Gənclər və İdman İdarəsinin məsləhətçisi Nurlan Şibliyev Vətənin bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərin Azərbaycan tarixində, xalqımızın qəlbində tutduğu mövqedən bəhs edib. Bildirilib ki, vətənpərvərlik tərbiyəsində, habelə ölkə xaricində Azərbaycanı layiqincə təmsil edən peşəkar idmançıların yetişməsində belə yarışlar vacib rol oynayır. Çıxış edənlər məktəbliləri qazandıqları uğur münasibəti ilə təbrik edərək uğurlarının davamlı olmasını, qalibiyyətləri ilə hər zaman Azərbaycan bayrağını zirvələrə qaldırmağı arzulayıblar.

Çıxışlardan sonra qaliblərə medal, diplom və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, liseyin təşəbbüsü və Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktor müavini Vaqif Ocaqverdiyevin təşkilatlığı ilə keçirilən şahmat yarışında rayon məktəbliləri iştirak edib.

 


Açar sözlər: ,  ,  ,  ,