10.06.2019

Respublika çempionatı qaliblərinin təltifolunma mərasimi keçirilib.

             İyunun 4-də məktəblər arasında təşkil olunmuş respublika çempionatı qaliblərinin təltif olunması mərasimi keçirilib.

Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, millət vəkilləri, tərəfdaş qurumların əməkdaşları, tanınmış idmançılar, təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.

Mərasim Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının əhəmiyyətini qeyd edərək sağlam həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini qeyd edib. Ceyhun Bayramov məktəb idmanı sahəsində sözügedən yarışların əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.

çempionat çərçivəsində fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində 1, 2, 3-cü yerlərə layiq görülmüş ümumtəhsil məktəbləri təltif olunub. Çempionatın ümumi nəticələrinə görə 1-ci yerə layiq görülən ümumi təhsil müəssisəsinə keçici kubok təqdim edilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində imzalanan TəhsilGənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilib. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə edərək çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyi təmin edərək yüksək nailiyyətlər və uğurlar qazanmaqdır.

2018-2019-cu tədris ili ərzində keçirilən çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-cı siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edib. Ümumilikdə yarışlarda iştirak üçün 4 idman növü üzrə 2 397 məktəb, 202 248 şagird qeydiyyatdan keçib.

Balakən rayonu Natiq Davudov adına Şərif kənd 1 saylı tam orta məktəbin komandası atletika üzrə 3-cü yerin qalibi olub.


Açar sözlər: ,  ,  ,  ,