17.09.2018

Şərif kənd tam orta məktəbin açılışı olub

Sentyabrın 15–də ən müasir tələblər səviyyəsində inşa edilən və avadanlıqla təchiz olunan Şərif kənd tam orta məktəbin açılışı olub.

Məktəbin binasının açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin və təshil şöbəsinin rəhbərliyi iştirak ediblər.

Yeni təhsil ocağının istifadəyə verilməsi mərasimi Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Məktəbin direktoru Nail Kalayev rəhbərlik etdiyi kollektiv adından ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edilib ki, məktəb binasının Təhsil Nazirliyinin sifarişi ilə 2016–cı ildən başlanan inşası yüksək keyfiyyətlə aparılaraq başa çatdırılıb. 360 şagirdin təhsil alması üçün nəzərdə tutulan üçmərtəbəli məktəbin ümumi ərazisi 1.8 hektardır. Burada keyfiyyətli təhsil almaq üçün bütün şərait yaradılıb.

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı İslam Rzayev məktəbin müəllim və şagird kollektivini “Bilik Günü” münasibəti ilə təbrik edib.. İ. Rzayev ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən danışıb. İcra hakimiyyəti başçısı son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcud olanların əsaslı surətdə yenidən qurulması nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. İ. Rzayev bütün bunların gənc nəslin savadlı və sağlam əqidəli, vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.

Məktəb binasının açılışını ifadə edən qırmızı lent kəsilib, ilk zəng səslənib. Yeni məktəbdə yeni dərs ili başlanıb.

Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, binada ümumilikdə 22 sinif otağı var. Məktəbdə 2 laboratoriya yaradılıb. Kompüterlə təchiz olunmuş İKT zalı, yeməkxana, kitabxana, idman zalı, 80 yerlik akt zalı var. Məktəb binasının fasiləsiz içməli su ilə təminatı üçün nasosxana, su anbarı, həmçinin istilik sistemi, qazanxana var. Məktəbin ərazisində geniş idman meydançası inşa olunub.


Açar sözlər: ,  ,  ,