14.12.2017

Məktəbdə maarifləndirmə tədbiri keçirilib

Hənifə kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzularında görüş keçirilib.

Görüşdə təhsil şöbəsinin və Balakən Rayon Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan məktəb direktoru Əsiyət Abdullayeva gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün məktəbdə görülən işlərdən və bu sahələrdə görülən tədbirlərdən danışıb.

Çıxış edən Rayon Polis İdarəsinin rəisi Elnur Həsənov narkomaniya və onun fəsadları barədə geniş məlumat verib. O, qeyd edib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər şagirdlərin asudə vaxtlarının təşkilinə diqqət yetirməli, uşaqların elmə, idmana və digər faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.

Tədbirdə erkən nikaha daxilolma məsələsinə də toxunulub. Belə mənfi hallara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra dini radikalizm və onun fəsadları, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodlarından, cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,  ,