23.11.2017

"Məktəblərimizin tarixi və uğurları"

Nizami Gəncəvi adına Balakən şəhər 1 nömrəli tam orta məktəb 1910-cu ildə bir nəfər müəllim, beş nəfər şagird kollektivi ilə fəaliyyətə başlayıb. Məktəbin ilk müəllimi Əlicabbar müəllim olub. Yeni fəaliyyətə başladığı dövrdə 1 sinif otağından ibarət məktəb binası Balakən şəhər M. Əsədov küçəsində yerləşib. Son illərdə isə məktəb binası ən müasir texnologiyalarla zənginləşmiş bir ocağa çevrilib. Məktəbin köhnə binası isə artıq tarixə dönüb. Hal-hazırda Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə təhsil alan 1713 nəfər şagirdin təlim-tərbiyəsi ilə 135 nəfər müəllim məşğul olur. Məktəb Azərbaycan və rus bölmələri olmaqla ikinövbəli fəaliyyət göstərir.

Nizami Gəncəvi adına 1 nömrəli məktəb qızıl medalçıları, olimpiada, idman yarışlarında, “Sabahın alimləri”, “Ən yaxşı təqdimat” müsabiqələri və bir sıra layihələrdə iştirak edib uğur qazanmasına görə həmişə seçilib. Məktəb öz məzunları ilə daima fəxr edir. İngiltərənin Oksford Akademiyasında təhsil almış, dosent Gülnarə Əzizova,Geologiya – Minerologiya elmləri doktoru professor Tofiq Baharov da Balakən şəhər 1 nömrəli tam orta məktəbin məzunlarıdır.

Balakən şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəb vətən uğrunda şəhid olan oğulları ilə həmişə fəxr edir. Məktəbin 2 nəfər müəllim və 6 nəfər şagird şəhidi var. Onlar daim müəllimlər və şagirdlər tərəfindən yad edilir. Şəhidlər barədə ətraflı məlumatlar məktəbin koridorunda və girişində asılıb.

Məktəb 2012-2013-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. 2015-ci ildə məktəbdən məzun olmuş, repititor hazırlığına getmədən 695 bal toplamış Gülay Omarova Prezident təqaüdünə və Təhsil naziri Mikayıl Cabbarov tərəfindən Fəxri Fərmana layiq görülüb.

2016-2017-ci tədris ilində məktəbin 55 nəfər məzunu ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 7 nəfəri 600-dən, 9 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Məktəbin yetirməsi olan Keyseruxskaya Fatimə 2015-ci il aprelin 21-də Bakıda keçirilən Respublika fənn olimpiadasından qızıl medalla qayıdıb. K. Fatimə 2016-cı ildə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində də I yerə layiq görülüb. 2017-ci ildə məzun olan Fatimə 665 bal toplayaraq Azərbaycan Diplomatik Akademiyasına daxil olub.

Məktəbin qazandığı uğurlar bununla da kifayətlənmir. Ötən tədris ilində Ekoloji təmiz məhsul – aqro biomüxtəliflik layihəsində iştirak edən 4 nəfər şagird birincilik qazanıb.

Hal-hazırda da məktəb bir sıra layihələrə qoşulub və davam etdirir. Bunlardan biri Elektron təhsil layihəsidir.

Qeyd edək ki, məktəbdə pilot layihə kimi şahmat fənni tədris olunur. Məktəbin şagirdləri şahmat üzrə yarışlarda da həmişə seçilirlər. III sinif şagirdi Mahamacanov Qurban şahmat üzrə Respublika birincisidir.

Məktəbin direktoru Şəfiqə Tütünçüyeva ilə söhbətimizdə yeni hədəf və məqsədlərinin dünya olimpiadaçıları yetirə bilmək olduğunu qeyd edib. Ş. Tütünçüyeva qazandıqları bu  uğurlarının sirrini məktəb rəhbərliyi, müəllim və valideyn əməkdaşlığına əsaslandığını da qeyd edib.