10.10.2017

Gənc müəllim Aliyə Qandadova

Aliyə Qandadova bu il müəllimlərin işə qəbulu imtahanından 49 bal toplayaraq Qabaqçöl qəsəbə tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb. Aliyə Qandadova ilə olan müsahibəmizi təqdim edirik:

- Əvvəlcə sizi tanıyaq...

- Aliyə Qandadova, 1994-cü ildə Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşam. Orta təhsilimi Göyəm kənd tam orta məktəbdə almışam. Ali təhsilimi isə Azərbaycan Dövlət Pedaqoji Universitetində almışam.

- Müəllim olmağı əvvəldən istəmisiniz?

- Bəli, müəllimlik ən şərəfli peşə olduğu üçün əvvəldən arzum olub.

- Gənc müəllim kimi şagirdlərin sizə münasibəti necədir?

- Şagirdlər gənc müəllim kimi məni çox maraqla qarşıladılar. İndi də şagirdlərim tarix fənninə çox səylə hazırlaşırlar.

- Ümumilikdə orada dərs şəraiti, təhsil mühiti necədir?

- Çox əladır və şagirdlər də aktivdirlər. Şagirdlərin normal təhsil alması üçün, hesab edirəm ki,  hər cür şərait var.

- Sonda müəllim olmaq istəyənlərə nə demək istərdiniz?

Mənim tövsiyəm həm müəllim olmaq istəyən şəxslərə, həm də müəllim olacaq şəxslərədir. Belə ki, əgər kimdəsə müəllim olmaq istəyi yoxdursa bu peşəni seçməsin. Çünki müəllim əgər işini sevməsə bu həm şagird, həm də həmin müəllim üçün çətin olacaq. Hər gün işə gedəndə məqsədimiz bu gün uşaqlara nə öyrədəcəyik və nə öyrənəcəyik haqqında düşünmək olmalıdır. Müəllim təhsil işçisidirsə şagirdlərinin də özü kimi təhsilli olması üçün çalışıb, onlara nümunə olmalıdır.