30.03.2017

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yeniyetmə liqasına yekun vurulub

Balakən rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Aktiv Gənclər Klubunun həyata keçirdiyi “Winter Cup Balakən” adlı layihəyə - “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə yeniyetmə liqasına yekun vurulub.

Martın 29-da liqanın final mərhələsinin yarışı keçirilib.

Qeyd edək ki, 2016-cı ilin dekabrında startı verilən və 3 ay davam edən liqa yarışlarında 17 məktəb komandasının tərkibində 100-dək yeniyetmə mübarizə aparıb.

Final mərhələsində daha uğurla çıxış edən Humanitar fənlər təmayüllü liseyin komandası liqanın qalibi adını qazanıb. Sonrakı yerləri Qaravəlli kənd tam orta məktəbi  və Balakən şəhər 1 nömrəli tam orta məktəblərin komandaları tutublar.

Liqanın yekununa həsr olunmuş mərasimdə Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova, Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Təhsil Şöbəsinin nümayəndəsi Cavanşir Alqayev  yarışın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 2017-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçilən Balakən rayonunda yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı və səmərəli təşkili, onların intellektual potensialının yüksəldilməsi, məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədi ilə davamlı iş aparılır. Diqqətə çatdırılıb ki, yenicə başa çatan bu yarış da “paytaxt ili” çərçivəsində rayonda təşkil edilən növbəti tədbirlərdən biridir. Bu istiqamətdə tədbirlər ilboyu davam etdiriləcək.

Mərasimin sonunda liqanın qaliblərinə mükafatlar təqdim olunub.